Günəşin yaradılışındakı həssas nizam

Günəşin yaradılışındakı həssas nizam

Nəhəng nüvə reaktoru olan günəşin daxilində baş verən reaksiyalarda böyük enerji hasil olur. İnsan həyatının davam etməsində rol oynayan əsas faktorlardan biri günəşdir. Günəşdə meydana gələn bu reaksiyalarda yaranacaq ən kiçik bir nizamsızlıq günəşin sönməsinə və ya bir neçə saniyə ərzində partlayıb yox olmasına səbəb ola bilər. Belə bir təhlükənin meydana gəlməməsinin səbəbi isə günəşdəki bu proseslərin möcüzəvi həssaslıqla yaradılmasıdır.

Günəşi və Günəş sistemini araşdırdıqda böyük bir tarazlıqla qarşılaşırıq. Planetləri dondurucu soyuqluqdakı kosmosa sovrulmaqdan onların mərkəzdənqaçma qüvvəsi ilə günəşin cazibə qüvvəsi arasındakı tarazlıq qoruyur. Günəş böyük cazibə qüvvəsi ilə bütün planetləri cəzb edir, planetlərin fırlanmasından qaynaqlanan mərkəzdənqaçma qüvvəsi sayəsində isə bu cazibənin təsiri azalır və möhtəşəm tarazlıq meydana gəlir. Əgər planetlərin fırlanma sürətləri bir az yavaş olsa idi, bu planetlər sürətlə günəşə doğru cəzb olunar və nəticədə günəş tərəfindən böyük partlayışla udulardılar. Amma bunların heç biri baş vermir və bütün planetlər öz orbitlərində hərəkət edirlər. Çünki Allahın ayədə bildirdiyi kimi: “Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir.” (Yasin surəsi, 40).

Günəşdə meydana gələn nüvə reaksiyaları həssas tarazlıqla yaradılmışdır

Allahın yaratdığı bu həssas tarazlıqda kiçik fərq olsa idi, günəş ya heç yaranmaz, ya da yarandığı andan çox qısa müddət sonra dəhşətli partlayışla yox olardı.

Günəşin içində daima hidrogen atomları heliuma çevrilir və bu nüvə reaksiyaları nəticəsində istilik və işıq enerjisi ortaya çıxır. Günəşdəki nüvə reaksiyasının ilk elementi olan hidrogen kainatdakı ən sadə elementdir. Nüvəsində sadəcə bir proton var. Heliumun nüvəsi isə iki proton və iki neytrondan ibarətdir. Günəşdə baş verən reaksiya nəticəsində dörd hidrogen birləşərək bir helium elementini meydana gətirir. Nəticədə çox böyük enerji hasil olur. Dünyaya gələn istilik və işıq enerjisinin demək olar ki, hamısı günəşin içindəki bu nüvə reaksiyası ilə meydana gəlir.

Bu nüvə reaksiyası, əslində, gözlənilməz bir prosesdir. Çünki ətrafda dolaşan ixtiyari dörd hidrogen atomunun bir anda bir araya gələrək birləşib heliuma çevrilməsi qeyri-mümkündür. Bunun üçün iki mərhələli proses baş verir. Əvvəlcə iki hidrogen birləşir, bir proton və bir neytrona sahib olan aralıq birləşmə meydana gəlir. Həmin formul deytron adlanır. Bəs iki ayrı atom nüvəsini bir-biri ilə birləşdirən qüvvə nədir? Bu qüvvəyə güclü nüvə qüvvəsi deyilir. Güclü nüvə qüvvəsi kainatdakı ən böyük nüvə qüvvəsidir. Bu qüvvə cazibə qüvvəsindən milyard dəfə, milyard dəfə, milyard dəfə milyard qat daha güclüdür. Bu gücü sayəsində iki hidrogen nüvəsini bir-birinə yapışdıra bilir.
Tədqiqatlar göstərmişdir ki, güclü nüvə qüvvəsinin gücü bu reaksiya üçün tam lazım olan ölçüdədir. Əgər güclü nüvə qüvvəsi indiki dəyərindən bir az daha zəif olsa idi, iki hidrogen nüvəsi birləşə bilməzdi. Yan-yana gələn iki proton dərhal bir-birilərini itələyər və günəşdəki nüvə reaksiyası başlamadan bitərdi. Yəni günəş mövcud olmazdı. Məşhur alim Corc Qrinsteyn bu həqiqəti: “əgər güclü nüvə qüvvəsi bir az daha zəif olsa idi, Yerin işığı heç vaxt yanmayacaqdı”– deyə açıqlayır. (George Greenstein, The Symbiotic Universe, səh. 100)

Bəs güclü nüvə qüvvəsi bir az daha güclü olsa idi, nə baş verərdi? Bu suala cavab verməzdən əvvəl iki hidrogenin bir neytrona çevrilməsi reaksiyasına yenidən nəzər salaq. Diqqət yetirsək, bu reaksiyanın iki ayrı tərəfinin olduğunu görərik. Əvvəlcə bir proton yükünü itirərək neytrona çevrilir. Sonra bu neytron başqa bir protonla birləşib neytron atomunu əmələ gətirir. Bu birləşməni həyata keçirən güclü nüvə qüvvəsidir. Protonu neytrona çevirən güc isə fərqlidir. Bu güc zəif nüvə qüvvəsidir.

Zəif nüvə qüvvəsinin bir protonu neytrona çevirməsi təxminən 10 dəqiqə çəkir. Bu, atom səviyyəsində çox uzun müddətdir və günəşdəki nüvə reaksiyasının “yavaş-yavaş” baş verməsini təmin edir. İndi isə bu məlumatı nəzərə alaraq eyni sualı yenidən verək. Əgər güclü nüvə qüvvəsi bir az daha güclü olsa idi, nə baş verərdi? Əgər belə olsa idi, günəşdəki reaksiya tamamilə dəyişərdi. Çünki belə vəziyyətdə zəif nüvə qüvvəsi tamamilə kənarda qalardı. Güclü nüvə qüvvəsi bir protonun 10 dəqiqə ərzində neytrona çevrilməsini gözləmədən dərhal iki protonu bir-birinə yapışdırardı. Bunun nəticəsində isə bir proton və bir neytrondan ibarət olan deytron deyil, iki protonlu atom nüvəsi meydana gələrdi.

Bu cür quruluşu elm adamları diproton adlandırırlar. Əslində isə belə bir element yoxdur. Bu xəyali elementdir. Amma əgər güclü nüvə qüvvəsi bir az daha güclü olsa idi, o zaman günəşin içində diproton meydana gələrdi. Bu isə yavaş-yavaş yanan Günəş sistemini tamamilə dəyişərdi. Corc Qrinsteyn güclü qüvvənin bir az daha güclü olacağı təqdirdə nə baş verəcəyini belə açıqlayır:

Günəş belə bir vəziyyətdə tamamilə dəyişərdi, çünki artıq günəşdəki reaksiyanın ilk mərhələsi deytron deyil, diproton hasil etmə olardı. Zəif nüvə qüvvəsinin təsiri aradan qalxar və sadəcə güclü nüvə qüvvəsi mövcud olardı... Belə vəziyyətdə günəşin yanacağı dərhal çox təsirli bir yanacağa çevrilərdi. Bu elə bir yanacaq olardı ki, Günəş və ona bənzər digər ulduzlar bir neçə saniyə ərzində havaya uçardı. (George Greenstein, The Symbiotic Universe, səh. 100)

Günəşin havaya uçması isə bir neçə dəqiqə sonra Yer kürəsini və üzərindəki bütün canlıları alova bürüyər, nəticədə isə mavi planet bir neçə saniyə ərzində kömürə çevrilərdi. Amma güclü nüvə qüvvəsinin gücü tam lazım olan səviyyədədir və günəş nüvə reaksiyasını tarazlı şəkildə həyata keçirir, yəni yavaş-yavaş yanır.

Bunlar, güclü nüvə qüvvəsinin insan həyatına uyğun şəkildə nizamlandığını göstərir. Əgər bu nizamlamada bircə səhv olsa idi, Günəş kimi ulduzlar da ya heç mövcud olmazdılar, ya da meydana gəldikləri andan qısa müddət sonra qoxunc bir partlayışla yox olardılar.

Başqa sözlə, günəşin bu quruluşu təsadüfi və ya məqsədsiz deyil. Əksinə, “Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir).” ayəsində bildirildiyi kimi, Allah bu ulduzu insanın həyatı üçün xüsusi olaraq yaratmışdır. (Rəhman surəsi, 5)

Allah günəşin Onun təyin etdiyi istiqamətdə hərəkət etdiyini və onu insanın xidmətinə verdiyini Quran ayələrində belə bildirmişdir:
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür. (Yasin surəsi, 38)

O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. (Nəhl surəsi, 12)

Günəş müəyyən müddətdən sonra sönəcək

Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür. (Yasin surəsi, 38)

Günəşin səthində təxminən beş milyard ildən bəri fasiləsiz baş verən kimyəvi reaksiyalar nəticəsində daima günəş işığı yaranır. Gələcəkdə Allahın diləməsi ilə müəyyən bir zamandan sonra bu reaksiyalar sona çatacaq və günəş öz enerjisini itirərək tamamilə sönəcək. Bu yönü ilə yuxarıdakı ayədə də günəşin enerjisinin bir gün sona çatacağına işarə edilə bilər. (Doğrusunu Allah bilir.)
Ayədə keçən “mustakarrin” sözü müəyyən edilmiş bir yer və ya zaman mənasını verir. “Axıb gedir” kimi tərcümə edilən “tecri” sözü isə “hərəkət etmək, tələsmək, dövr etmək, dolaşmaq, müəyyən üsulla getmək, yol getmək, cərəyan etmək, axmaq” kimi mənaları verir. Sözlərin mənalarından günəşin dayanacağı məkan və zamana doğru hərəkət etdiyini, lakin bu hərəkətin əvvəlcədən müəyyən edilmiş zamana qədər davam edəcəyi məlum olur. Qiyamət gününü təsvir edən “Günəş sarınıb büküləcəyi (sönəcəyi) zaman” (Təkvir surəsi, 1) ayəsində də belə bir zamanın gələcəyi bildirilir. Bunun nə zamanı baş verəcəyi isə Allah qatında bilinir.

Ayədə Allahın “təqdiri” olaraq tərcümə edilən “takdiyru” sözü isə “təyin etmə, qədərini yazma, hökm etmə, ölçüb-biçmə, nizamlama, ölçü ilə etmə” mənalarını verir. Yasin surəsinin 38-ci ayəsindəki bu ifadə ilə günəşin ömrünün Allahın təyin etdiyi müddətlə məhdud olduğu bildirilir. Quranda bu mövzu ilə bağlı digər ayələr belədir:

Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (belə) izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. (Rad surəsi, 2)

O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. (Fatir surəsi, 13)

O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır. (Zumər surəsi, 5)

Yuxarıdakı ayələrdə işlənən “musəmmən” sözü ilə günəşin hərəkət müddətinin bəlli olduğu bildirilir. Günəşin sonu ilə bağlı elmi izahlarda günəşin hər saniyə 4 milyon ton maddədən istifadə edərək enerjiyə çevirdiyi, bu yanacaq bitdikdə isə günəşin ömrünün sona çatacağı açıqlanır.